Azərbaycanda Ramazan ayı başladı:

İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.

Ramazan ayının xüsusi təqviminə görə, ilk Qədr (Əhya) gecəsi aprelin 9-u olacaq. Digər Qədr gecələri isə aprelin 11-i, 13-ü və 17-nə təsadüf edəcək.Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Ramazan təqviminə əsasən, martın 23-də imsak vaxtı saat 05:14-də, iftar vaxtı isə saat 19:09-dadır.

Martın 23-ü üçün namaz vaxtları:

Sübh azanı 05:19

Zöhr azanı12:47

Əsr azanı17:07

Məğrib azanı19:09

İşa azanı20:11

Birinci günün imsak vaxtı üçün duasını təqdim edirik:

“Allahumməc’əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və’fu ənni ya a’fiyən ənil-mucrimin!”.

Tərcüməsi:

 “Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla, ey aləmdəkilərin məbudu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: 

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *