Həzrət Məsumənin (ə) viladəti münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o xanımın həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:  

Həzrət Məsumənin (ə) viladəti münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o xanımın həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:   Xanım Məsumənin (ə) atası yeddinci imam həzrət Museyi-Kazim (ə) və anası Nəcmə xatundur. O həzrət 173-cü hicri-qəməri ilinin Zil-qədə ayının 1-də, Mədinə şəhərində dünyaya göz açmışdır. Adı Fatimə, məşhur ləqəbi Məsumədir. Digər ləqəbləri isə belədir: Tahirə, Həmidə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Səyyidə, Uxtur-Riza.   Yeddinci əsrin sünni alimi İbn Cövzi imam Kazimin (ə) dörd qızını Fatimə adı ilə qeyd etmişdir: 1. Fatimeyi-Kubra; 2. Fatimeyi-Suğra; 3. Fatimeyi-Vusta; 4. Fatimeyi-Uxra.   Qeyd edək ki, Fatimeyi-Kubra həmin “Fatimeyi-Məsumə”dir ki, onun pak qəbri İranın müqəddəs Qum şəhərində şiələrin ziyarətgahına çevrilmişdir.  “Bibi Heybət” adı ilə məşhur olan Fatimeyi-Suğra (və yaxud Həkimə) Bakı şəhərinin cənub tərəfinin girişində dəfn edilmişdir. Fatimeyi-Uxra “İmam bacısı” ləqəbi ilə məşhur olub, İranın Rəşt şəhərində dəfn olunmuşdur. (“Biharul-ənvar”, c. 48, səh. 286 və 317.) Fatimeyi-Vusta isə “Sitti-Fatimə” ləqəbi ilə İranın İsfahan şəhərində dəfn olunmuşdur.   İRANA SƏFƏRİ   200-cü hicriiqəməri ilində Məmun Abbasinin israr və təhdidindən sonra imam Rza (ə) Mərv şəhərinə, oradan da yanında Əhli-beytindən heç bir kəs olmadığı halda Xorasana yollanır. İmam Rzanın (ə) hicrətindən az sonra həzrət Məsumə (ə) qardaşını görmək arzusu ilə bir dəstə qohum-əqrəbası ilə Xorasana yola düşür. Keçdikləri bütün şəhərdə camaat onları təntənə ilə qarşılayıb, onlara məhəbbət bəsləyir. O həzrət də böyük bibisi həzrət Zeynəb (ə) kimi qardaşı imam Rzanın (ə) məzlumiyyəti və qəribliyini mömin və müsəlman xalqlara çatdırıb, Abbasi sülaləsinin hiyləgər hökumətinə qarşı müxalifətini bəyan edirdi.  Karvan İranın Savə şəhərinə çatdıqda, dövlət məmurlarının himayə etdiyi bir qrup Əhli-beyt müxalifləri onların kişilərini şəhid edirlər. Bir rəvayətə görə, həzrət Məsuməni (ə) də zəhərləyirlər, qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələnib, Xorasana getməkdən aciz qalır.  QUM ŞƏHƏRİNƏ GƏLİŞİ  : O həzrət Xorasana gedə bilmədiyini gördükdə soruşur: “Savədən Quma nə qədər yol vardır?” Yolun məsafəsindən xəbər tutduqda buyurur: “Məni Quma aparın, çünki atamdan eşitmişəm ki, Qum şəhəri bizim şiələrimizin mərkəzidir.” Şəhərin ağsaqqalları və alimləri bu sevindirici xəbəri eşitdikdə, o həzrətin pişvazına çıxırlar. Əşəri qəbiləsinin rəisi Musa ibn Xəzrəc o həzrətin dəvəsinin cilovunu tutur və çoxları da Xanımın əyləşdiyi kəcavənin ətrafına toplaşırlar. Həzrət Məsumə (ə) 201-ci hicri-qəməri ilində, təqribən Rəbiül-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil olur. Ondan sonra “Mir” meydanında Musa ibn Xəzrəcin evinin qapısı qarşısında kəcavədən enib, onun qonağı olur. O həzrət bu şəhərdə 17 gün qalır və bu müddət ərzində ibadətlə məşğul olur. O həzrətin ibadət etdiyi yerdə bu gün “Beytün-nur” adı ilə məşhur bir mədrəsə yerləşir və hal-hazırda ziyarətgah sayılır.    VƏFATI : Həzrət Fatimeyi-Məsumə (ə) (201-ci h.q ilində Rəbiüs-sani ayının 10-da qardaşı imam Rzanı (ə) görmədən, qərib ölkədə böyük qəm-qüssə ilə əbədiyyətə qovuşur.  Qum əhli onu dəfn etmək üçün “Babulan” bağına – bugünkü ziyarətgah yerinə aparırlar. Qəbir qazıldıqdan sonra camaat o həzrətin kimin əli ilə dəfn edilməsində çətinliyə düşürlər. Elə bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkilmiş iki atlı sürətlə camaata yaxınlaşır. Cənazəyə namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil olur, digəri isə Xanımın pak cəsədini götürüb ona verir. Hər ikisi Xanımın dəfn mərasimindən sonra heç kimlə danışmadan atlarına minib, oradan uzaqlaşırlar. Onların Allah-Taalanın iki “höccət”i sayılan imam Rza (ə) və imam Cavad (ə) olması ehtimalı verilir. (“Tarixi-Qum”, səh. 213.) Çünki şəriətə görə, məsum şəxs başqa bir məsumun vasitəsilə dəfn olunmalıdır.    Həzrət Məsumənin dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs qəbrinin üstündə öz əlilə qamışdan toxunmuş həsirdən bir kölgəlik (çardaq) düzəldir.265-ci hicri-qəməri ilində imam Cavadın (ə) qızı Zeynəb onun qəbri üstündə ilk dəfə olaraq günbəz tikdirir. (“Məzaratu Əhlil-beyt”, səh. 200.) Beləliklə, həzrət Məsumənin (ə) müqəddəs qəbri vilayətsevər şiələrin ziyarətgahına çevrilir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *